Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr edilən tədbir keçirilib
Noyabrın 6-da Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5 illik yubileyinə həsr olunmuş “Qarabağ Azərbaycandır – Zəfərin sədası” adlı ədəbi-bədii tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitetin akt zalında təşkil olunan tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov, şəhid ailələrinin üzvləri, qazilər, şəhər rəhbərliyi, eləcə də MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantları iştirak ediblər.
Tədbirə qədər iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını ifadə ediblər. Ardınca MDU həyətində tələbələrin Zəfər Gününə həsr olunmuş rəsmlərindən ibarət sərgi ziyarət olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun, milli həmrəyliyin və müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətin bu Zəfərin əsasını qoyduğunu vurğulayıb.
İlham İsmayılov qeyd edib ki, Ulu Öndərin müdrik ideyaları və milli ordunun formalaşdırılması sahəsində atdığı mühüm addımlar sonrakı illərdə ölkəmizin hərbi-siyasi qüdrətinin bünövrəsini yaradıb. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Qələbə Ulu Öndərin ideyalarının və müəyyən etdiyi inkişaf yolunun məntiqi nəticəsidir. Bu Qələbə Azərbaycan xalqının birliyinin, dövlətin qüdrətinin və ordumuzun qəhrəmanlığının təntənəsidir.
Çıxışının sonunda İlham İsmayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın insanpərvər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Daha sonra MDU-nun rektoru Anar Eminov çıxış edərək Zəfər Gününün Azərbaycan dövlətçiliyi tarixində əbədi qürur və şərəf günü kimi qeyd olunduğunu bildirib. Rektor vurğulayıb ki, Vətən müharibəsində canını fəda edən şəhidlərin qəhrəmanlığı, Azərbaycan Ordusunun igidliyi və xalqın sarsılmaz birliyi ölkəmizin ərazi bütövlüyünü təmin edən Zəfəri mümkün edib. O həmçinin qeyd edib ki, MDU kollektivi şəhid məzunları və müharibə iştirakçısı əməkdaşları ilə daim qürur duyur və onların xatirəsini universitetdə əziz tutur.
Tədbirdə Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov, şəhid məzun Kənan Abdullayevin anası Azadə Abdullayeva və şəhid məzun Əzəmi Hüseynovun bacısı İlahə Hüseynova çıxış edərək şəhidlərin müqəddəs adının xalqın yaddaşında daim yaşayacağını və onların fədakarlığının gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıblar.
Tədbirin davamında MDU-nun şəhid məzunları, müharibə iştirakçısı əməkdaş və tələbələrinə həsr olunan “Son dərs: Vətən!” kitabının təqdimatı olub. Kitabın müəllifləri MDU-nun müəllimləri Aygün Qədirova və Səadət Ağakişiyeva, tələbələr Əfqan Məmmədov və Banu Abdullayevadır. Nüsxələr tədbir iştirakçılarına, o cümlədən İlham İsmayılova, Nofəl Qasımova və şəhid ailələrinin üzvlərinə təqdim edilib.
Tədbirin bədii hissəsində tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, musiqi nömrələri və rəqs kompozisiyaları ilə çıxış ediblər.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində MDU-da silsilə tədbirlər davam etdirilir.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025