Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
Mingəçevir Dövlət Universitetinə prorektor təyin olundu

Mingəçevir Dövlət Universitetinə prorektor təyin olundu

Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə yeni təyinat həyata keçirilib. Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Natəvan Namazova MDU-nun Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

2025-ci il 26 noyabr tarixində keçirilən təqdimat mərasimində rektor Anar Eminov sözügedən əmri elan edərək, bu təyinatın universitetdə elmi fəaliyyətin gücləndirilməsi, innovativ təşəbbüslərin inkişafı və beynəlxalq əməkdaşlıqların genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. O, Natəvan Namazovanı təbrik edərək yeni fəaliyyətində uğurlar arzulayıb.

Natəvan Namazova göstərilən etimada görə nazirdən minnətdarlığını bildirib və MDU-da elmi potensialın artırılması, innovativ layihələrin tətbiqi və tədqiqat mühitinin gücləndirilməsi istiqamətində fəal çalışacağını qeyd edib. Kollektiv üzvləri də onu təyinat münasibətilə təbrik ediblər.

N.Namazova İstanbul Universiteti (Türkiyə) və Kaunas Universitetində (Litva) uzunmüddətli elmi tədqiqatlar aparıb, “Journal of Sustainable Development Issues” jurnalının redaksiya heyətinin üzvüdür. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistratura təhsillərini fərqlənmə ilə bitirib, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosentdir. 2023-cü ildən Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir. Rus və ingilis dillərini sərbəst bilir.

Şərh / Cavab göndərən