Yeni universitetlər bu bölgələrdə təsis oluna bilər
Azərbaycanda ali təhsil müəssisələrinin əksəriyyəti Bakı şəhərində cəmlənib. Bununla belə, regionlarda da bir sıra universitetlər və onların filialları fəaliyyət göstərir. Lakin hələ də ali təhsil infrastrukturu formalaşmayan bölgələr mövcuddur.
Milli Məclisin deputatı Vüqar İskəndərovun sözlərinə görə, Şəkidə universitet yaradılması istisna edilmir. Hazırda regionlarda Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan, Qarabağ və digər ali təhsil müəssisələri fəaliyyət göstərir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, yeni universitetlərin yaradılması yalnız təhsil siyasətinə deyil, həm də regional inkişaf və insan kapitalının balanslı paylanmasına xidmət edir.
Deputat qeyd edib ki, Şəki, Zaqatala, Qax və Oğuz kimi şəhərləri əhatə edən şimal-qərb bölgəsi turizm və kənd təsərrüfatı potensialına görə regional universitet üçün əlverişli məkandır:
“Şəkidə müstəqil universitetin yaradılması həm yerli gənclərin təhsil imkanlarını genişləndirə, həm də regionun iqtisadi və elmi inkişafına yeni dinamika gətirə bilər.”
Elçin Mirzəbəyli həmçinin Mərkəzi-Aran və Dağlıq Şirvan bölgələrinin də bu baxımdan diqqətəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ucar, Göyçay və Kürdəmirdə mühəndislik və aqrar yönümlü filialların, Ağsuda isə Dağlıq Şirvan Regional Universiteti layihəsinin reallaşdırılması məqsədəuyğundur:
“Ağsu əlverişli coğrafi mövqeyə malikdir. Burada ekoturizm, kənd təsərrüfatı texnologiyaları, ekologiya və iqlim dəyişikliyi üzrə ixtisaslaşmış universitet yaradılması ‘Yaşıl inkişaf’ strategiyasına uyğun olardı.”
Deputat əlavə edib ki, mərhələli yanaşma baxımından əvvəlcə Bakı Dövlət Universitetinin Ağsuda filialının yaradılması, sonradan onun müstəqil ali məktəbə çevrilməsi daha real modeldir.
Cənub bölgəsinə toxunan E.Mirzəbəyli qeyd edib ki, Lənkəran Dövlət Universiteti fəaliyyətini genişləndirsə də, regionun aqrar və ekoloji potensialını tam əhatə etmir. Onun fikrincə, burada ixtisaslaşmış ali təhsil ocağının yaradılması həm elmi tədqiqatları, həm də məşğulluğu artırar.
Deputat Qarabağ bölgəsini də prioritet istiqamət kimi dəyərləndirib:
“Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti mühüm addımdır. Gələcəkdə Ağdam, Füzuli, Laçın və Kəlbəcərdə də ali məktəblərin açılması paytaxtdakı yüklənməni azaldar və regionların canlanmasına təkan verər.”
Sonda E.Mirzəbəyli vurğulayıb ki, ali təhsilin regionlarda bərabər paylanması Azərbaycanın gələcək inkişaf modelinin əsas tərkib hissəsidir:
“Hər bir yeni universitet — regionun gələcəyinə qoyulan sərmayədir.”
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025