Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026

"Boni": Uşaqlar üçün maarifləndirici film təqdim olundu

"Gunboyu.az" xəbər verir ki, “Heyo Media Group” növbəti ekran işi olan “Boni” adlı filmini tamaşaçıların ixtiyarına verib. Yeni film, ilk baxışda itmiş bir itin axtarışı ətrafında qurulsa da, hadisələr cərəyan etdikcə tamaşaçılar tərbiyəvi və maarifləndirici səhnələrin şahidi olurlar.

“Boni” əsasən uşaqlara ünvanlanıb və onların yüksək mənəvi dəyərlərə yiyələnməsinə yönəlmiş mesajlarla zəngindir. Ekran əsərində uşaqların gündəlik həyatda xeyirxah, məsuliyyətli, insanpərvər və empatik davranışlar qazanması üçün müxtəlif situasiyalar canlandırılıb.

Filmin layihə rəhbəri və quruluşçu rejissoru Heydər Vüqaroğlu, rejissoru Elnur Hüseynov, prodüseri Elnarə Rəcəbli, ssenari müəllifləri isə Mehriban Qaziyeva və Elnur Hüseynovdur. Bu yaradıcı heyət uşaqları müsbət işlərə təşviq edən, cəmiyyətin formalaşmasında, gələcək nəslin sağlam ruhda böyüməsində mühüm rol oynayan bir film ərsəyə gətirməyə çalışıb.

“Boni”də Xalq artistləri Yasin Qarayev, Nübar Novruzova, Əməkdar artistlər İlham Əsədov, Elnur Hüseynov və bir sıra digər peşəkar aktyor-aktrisalar rol alıb. Eyni zamanda, uşaq obrazlarını Bakı məktəbliləri və bağça uşaqları canlandırıb, bu da filmin təbii və səmimi atmosferini gücləndirir.

Qeyd edək ki, “Heyo Media Group” ötən il “Nağıl kimi” adlı ilk filmini təqdim edərək gənc nəslin zövqünü formalaşdıracaq, mənəvi keyfiyyətlərini zənginləşdirəcək ekran işlərinə imza atmışdı. “Boni” filmi isə bu müsbət ənənəni davam etdirərək, uşaqların düşüncə dünyasına yeni rənglər qatmağı hədəfləyir.

Şərh / Cavab göndərən